Azərbaycan cüdoçuları Praqadan 3 medalla qayıdırlar

Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa turnirində 1 qızıl və 2 gümüş medal qazanıblar.

Arena.az bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 4-cü, kişilər arasında isə 2-ci yeri tutublar.

Turnirin ilk günündə Hüseyn Allahyarov (-60 kq) gümüş medal əldə edib. -66 kq çəki dərəcəsində yarışan Rəşad Yelkiyev isə turnirin qalibi olub.

Yarışın ikinci günündə Camal Qamzatxanov (+100 kq) da gümüş medalla kifayətlənib.

Xatırladaq ki, Azərbaycan millisi Praqaya 14 cüdoçu ilə yollanmışdı.