Azərbaycan cüdoçuları qarşıdan gələn yarışlara hazırlıq məqsədilə beynəlxalq təlim-məşq toplanışlarında iştirak edirlər. Arena.az xəbər verir ki, böyüklərdən və qadınlardan ibarət yığmalarımız hazırda Çexiyadadır.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə bu ölkənin Nymburk şəhərində keçirilən cüdo üzrə Olimpiya təlim düşərgəsinə 43 ölkədən 488 idmançı qatılıb. Hazırlıq prosesində Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 17 üzvü, qadınlardan ibarət yığmanın isə 10 üzvü iştirak edir.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla Mark van der Ham (performans direktoru), Riçard Trautman (baş məşqçi) və Elçin İsmayılov (böyük məşqçi) rəhbərlik edirlər. Qadınlardan ibarət yığma isə baş məşqçi Rəşad Məmmədov və məşqçi Kifayət Qasımovanın rəhbərliyi altında hazırlıq keçir.
Martın 13-də başlamış hazırlıq prosesi ayın 18-də başa çatacaq. Təlim-məşq toplanışı may ayında Qətərin paytaxtı Dohada baş tutacaq dünya çempionatına, həmçinin qarşıdan gələn iri miqyaslı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri isə martın 12-dən etibarən Yaponiyada Kokuşikan Universitetində təlim düşərgəsində iştirak edirlər. Toplanışda Nizami İmranov, Nurlan Kərimli, Samir Piriyev, Ömər Rəcəbli, Vüqar Talıbov, İsmayıl Zamanov, İslam Rəhimov və Kənan Nəsibov iştirak edir. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edir. Hazırlıq prosesi martın 18-nə qədər davam edəcək.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına uzunmüddətli hazırlığın bir hissəsidir.
Xatırladaq ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvləri fevralın 28-dən martın 11-nə qədər Yaponiyada Tsukaba Universitetində də cüdo təlim düşərgəsində iştirak ediblər.


