Azərbaycan güləşçiləri Tiranada 8 medal qazanıblar

Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Jalə Əliyeva tarixi uğura imza ataraq, Azərbaycan qadın güləşində U-23 dünya çempionu olan ilk idmançımız ünvanına sahib çıxıb.

Sərbəst güləş üzrə yığmamızın üzvü Maqomed-Başir Xaniyev də bu yarışda qızıl medal qazanıb. Rəşad Məmmədov, Ruslan Abdullayev və Arseni Djioyev gümüş medalla kifayətləniblər. Nihad Quluzadə, Xasay Həsənli və Cəbrayıl Qadjiyev isə bürünc medalı boyunlarından asıblar.

Sərbəst güləş üzrə millimiz bu dünya çempionatını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Xatırladaq ki, Azərbaycanın güləş üzrə yığma komandaları bu dünya çempionatına bütövlükdə 25 idmançı ilə yollanmışdılar.