Azərbaycan – İngiltərə matçı bosniyalı hakimlərə tapşırıldı

21 yaşadək futbolçular (U-21) arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – İngltərə oyununun hakimləri açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu bu görüşü Bosniya və Herseqovinadan olan referilərə həvalə edib.

“Azərsun Arena”da təşkil olunacaq qarşılaşmanın baş hakimi Antoni Bandiç olacaq. Ona Amer Maciç və Boris Duymoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.

Xatırladaq ki, martın 22-də keçiriləcək Azərbaycan – İngiltərə oyununa saat 16:00-da start veriləcək. U-21 yığmamız bundan dörd gün sonra eyni məkanda Ukraynanı qəbul edəcək. Həmin oyuna da eyni saatda start veriləcək.

Yığmamızın yer aldığı F qrupuna keçirdiyi 5 oyundan maksimum nəticə ilə ayrılmış Ukrayna liderlik edir – 15 xal. İngiltərə yığması 12 xalla 2-ci, Serbiya 9 xalla 3-cüdür. Millimiz isə 4 oyuna topladığı 3 xalla sonuncu pillədə qərarlaşıb. Lüksemburq və Şimali İrlandiya yığmaları da eyni xala malik olmalarına rəğmən, 4-5-ci yerləri bölüşürlər.