Azərbaycan karateçiləri BƏƏ-dən 6 medalla qayıdırlar

Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində təşkil olunmuş “Karate1 Youth League” turnirində iştirak ediblər. Arena.az xəbər verir ki, komandamızın üzvləri bu yarışda bütövlükdə 6 medal qazanıblar.

Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparıblar. Mötəbər yarışda 67 ölkədən 1169 idmançı iştirak edib. Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edib.

Komandamızın üzvlərindən Nicat Kərimli (-75 kq) turnirin gümüş medalını qazanıb. 21 yaşadək gənclər arasında bir-birinin ardınca Honq Konq, Şotlandiya və Ukraynalı idmançılara qalib gələn karateçimiz finalda misirili rəqibindən irəlidə olmasına baxmayaraq, qələbəni 1 xal fərqi ilə əldən verib.

Amin Yadigarlı (-55 kq) və Rumil Cəfərli (-76 kq) isə 16-17 yaşlı gənclər arasında mükafatçılar sırasına düşüblər. Yadigarlı qızıl, Cəfərli gümüş medal qazanıb.

Raul Səfərəliyev (-63 kq) 14-15 yaşlı yeniyetmələr arasında mükafatçı olub. Dünya Karate Federasiyasının rəsmi yarışlarına ilk dəfə qatılan perspektivli idmançımız beş döyüşdən dördünü qələbə ilə başa vuraraq bürünc medal qazanıb.

Azərbaycana karateçiləri yarışında son günündə daha iki medal qazanıblar. 14 yaşadək uşaqlar arasında Əfqan Tarverdi (-45 kq) qızıl, Zeynəb Nəbiyeva isə (-52 kq) gümüş medala sahib olub.

Beləliklə, 4 gün davam edən nüfuzlu yarışda klub yetirmələrindən “Qara Qaplan”ın idmançıları 2 qızıl, 1 gümüş və bürünc, “Arpaçay” 1 qızıl, Sumqayıt idmançısı isə 1 bürünc medal qazanıb. İdmançıları yarışda milli komandanın məşqçiləri Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev, eləcə də Akif Kərimov müşayiət edib. Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev mötəbər yarışın hakimləri arasında olub.