Azərbaycan kubokunda 14 il sonra heç-heçəsiz yarımfinal

Ötən gün futbol üzrə Azərbaycan kubokunda 2022/2023 mövsümü üzrə yarımfinal mərhələsinin oyunlarına yekun vuruldu. Arena.az xəbər verir ki, yarımfinalda keçirilən 4 oyunda heç-heçə qeydə alınmadı.

Belə ki, “Neftçi” və “Turan Tovuz”un duellərində tərəflər evdə (0:1, 2:0) qalib gəldisə, “Qəbələ” “Səbail”i hər iki matçda (3:2, 1:0) məğlub etdi.

Kubok qazanmağa iddialı komandaların mübarizə apardığı yarımfinalda heç-heçənin olmaması son 14 mövsümdə ilk dəfə qeydə alınır. Belə hadisə sonuncu dəfə 2008/09 mövsümündə yaşanıb. Həmin vaxt “Qarabağ” “Bakı”nı iki dəfə məğlub edib (2:1, 2:1), “İnter”lə “Qəbələ” isə ev oyunlarında (5:0, 0:2) qalib gəliblər. Sonrakı mövsümlərdə yarımfinalda ən azı bir matç sülhlə tamamlanıb.

Xatırladaq ki, Azərbaycan kubokunda 2019/20 mövsümü koronavirus pandemiyası üzündən yarımçıq qalıb. Həmin mövsümdə yarımfinal cütləri müəyyənləşsə də, qarşılaşmalar baş tutmayıb.

Beləliklə, iyunun 3-də “Bakcell Arena”da keçiriləcək final oyununda “Neftçi” və “Qəbələ” qarşılaşacaq. Bu, komandalar arasında ikinci final olacaq. 2013/14 mövsümündə də rəqiblər həlledici qarşılaşmada üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan 9 il əvvəlki matçın penaltilər seriyasında bakılılar üstün olub – 3:2.

Bu, ölkə kubokunun 31 illik tarixində finalda 2 dəfə və ya daha çox qarşılaşan 5-ci cüt olacaq. Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə görüşən cütün duellərində bakılılar 1995/96 (3:0), ağdamlılar 2014/15 (3:1) və 2015/16 (1:0) mövsümlərində qalib gəliblər.

Digər üç cütdə isə eyni komanda hər iki finalda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/99 (0:0, penaltilər 5:3) və 2003/04 (1:0, əlavə vaxtda) mövsümlərində məğlub edib. “Kəpəz” “Qarabağ”ı 1997/98 (2:0) və 1999/2000 (2:1) mövsümlərində yenib. “Xəzər Lənkəran” isə “İnter”i 2007/08 (2:0, əlavə, vaxtda) və 2010/11 (1:1, penaltilər 4:2) mövsümlərində üstələyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: