Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün 1/8 final mərhələsi ilk penaltilər seriyası ilə əlamətdar olub.
Arena.az xəbər verir ki, “Sabah” “Turan Tovuz”la səfərdəki dueldən qalib ayrılıb.
Əsas vaxtı 2:2 hesabıyla yekunlaşmış bu oyun penaltilər seriyasına qədər uzanıb. Yekunda 3:1 hesabıyla qalib gəlmiş paytaxt təmsilçisi 1/4 finala vəsiqəni təmin edib.
Bu, Azərbaycan Kubokunun 33 mövsümündə yaşanan 34-cü belə matç olub. Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da müəyyənləşib. Sonuncu belə oyunlar ötən mövsümün birinci təsnifat mərhələsində baş tutub. “Şahdağ Qusar” “Qusar”a (0:0, penaltilər 5:4), “Şəfa” “Şəmkir”ə (1:1, penaltilər 5:3) qalib gəlib.
Xatırladaq ki, həm “Sabah”, həm “Turan Tovuz” Azərbaycan Kubokunda ilk dəfə penaltilər seriyasında qüvvəsini sınayıb.


