Azərbaycan kubokunda final üçün 7 hesab və ilk şansı

Neftçi” və “Qəbələ” komandaları sabah futbol üzrə Azərbaycan kubokunda 2022/2023 mövsümünün final oyununda üz-üzə gələcəklər.

Arena.az xəbər verir ki, Azərbaycan kubokunun əvvəlki 28 finalında 7 müxtəlif hesab qeydə alınıb.

Əlavə vaxtın oynanıldığı matçlarda 120 dəqiqəni nəzərə alsaq, ən populyar nəticə bir qolun vurulmasıdır:

1:0 – 9 dəfə
2:1 – 7 dəfə
2:0 – 5 dəfə
1:1 – 3 dəfə
0:0 – 2 dəfə
3:1 – 1 dəfə
3:0 – 1 dəfə

Final görüşlərində 12 dəfə əlavə vaxta ehtiyac olunub. Bunlardan yeddisində qalib müəyyənləşibsə, 5 dəfə penaltilər seriyası zərurəti yaranıb.

Finalda üz-üzə gələcək “Neftçi” və “Qəbələ”nin baş məşqçiləri karyeralarında ikinci dəfə ölkə kubokunu qazana bilərlər. Laurentsiu Regekampf və Elmar Baxşıyev çalışdırıcı kimi heç vaxt bu titula yiyələnməsə də, futbolçu kimi uğur qazanıblar.

Rumıniyalı vətənində “Styaua”da forma geyindiyi vaxt ölkə kubokunun sahibi olub. O, 1996/97 mövsümündə titul əldə edib.

Baxşıyevin kubok qazanması bundan 11 il sonra qeydə alınıb. O, “Xəzər Lənkəran”da uğura sevinib.

Xatırladaq ki, Regekampf yeganə ölkə kubokundan başqa Super Kubok və Liqa kuboku da qazanmağı bacarıb.

“Qəbələ” cari mövsümdə Azərbaycan kubokunda məğlub olmayıb. Elmar Baxşıyevin yetirmələri keçirdiyi 5 görüşdə 4 qələbə qazanıb və yalnız 1 heç-heçə edib.

Bunadək “qırmızı-qaralar” 5 dəfə mövsümü məğlubiyyətsiz bitirib. 2011/12, 2012/13, 2013/14, 2015/16 və 2019/20 mövsümlərində “Qəbələ” kubokda uduzmayıb. Amma həmin illərin heç birində mükafat qazanılmayıb.