Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki yarımfinalçının adına aydınlıq gələcək.
İlk oyun Zirədə yerli “Zirə” ilə “Səbail” arasında keçiriləcək. Komandalar arasında bir həftə öncə keçirilmiş ilk oyun “Zirə”nin çətin qələbəsiylə yekunlaşmışdı. İndi Rəşad Sadıqovun komandasına mərhələ adlamaq üçün heç-heçə də kifayət edəcək. “Dənizçilər” isə mərhələ adlamaq üçün mütləq inamlı qələbəyə sevinməlidirlər.
Günün digər oyununun tamamilə formal xarakter daşıyacağı hələ ilk oyundan sonra dəqiqləşmişdi. “Qarabağ” səfərdə 7 qol vurduğu “Sabah”ı bu dəfə doğma meydanda sınağa çəkəcək. Ağdam təmsilçisinin belə bir üstünlüyü əldən verəcəyinə yəqin ki, “Sabah”ın düşərgəsinə də ümid edən yoxdur.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinə sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Qəbələ” “Araz-Naxçıvan”ı, “Neftçi” isə “Sumqayıt”ı qəbul eədcək. Əyalət təmsilçiləri bir həftə öncə keçirilmiş ilk oyunda “sülh bağlayıblar”. “Neftçi” isə Sumqayıtdan 3:2 hesablı sürüşkən hesabla qayıdıb. Bu üzdən sabah baş tutacaq hər iki oyunda mübarizənin sona qədər davam edəcəyi şübhə doğurmur.
Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
8 fevral
17:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 2:1.
20:00. “Qarabağ” – “Sabah”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 7:1.
9 fevral
16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu
İlk oyun – 1:1.
19:00. “Neftçi” – “Sumqayıt”
Bakı. “Neftçi Arena”.
İlk oyun – 3:2.


