Azərbaycan Kubokunda ilkin mərhələnin iki qalibi bəlli oldu

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün ilkin mərhələsinin oyunları keçirilib.

Arena.az xəbər verir ki, əvvəlcə meydana “Ulduz” və “Dəstə Ordubad” komandaları çıxıblar.

Start fitindən əvvəl Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Oyunlara gəldikdə, qapıçısı qırmızı almasına baxmayaraq, “Dəstə Ordubad” “Ulduz”la görüşdən qalib ayrılmaqla 1/8 finala vəqisə qazanıb. Digər dueldə isə bu sevinci “Çarşı Bakı” yaşayıb. Sözügedən komanda da “Delta”nı inamlı hesabla üstələyib.

Azərbaycan Kuboku
İlkin mərhələ

26 dekabr

Ulduz – Dəstə Ordubad 3:6

Çarşı Bakı – Delta 8:1

Qeyd edək ki, sabah – dekabrın 27-də Azərbaycan kubokunda 1/8 və 1/4 final mərhələlərinin püşkü (“kor püşk”) atılacaq. AFFA-nın inzibati binasında təşkil olunacaq püşkatma mərasiminə saat 12:00-da start veriləcək.

1/8 final mərhələsində 16 komanda – “Baku Fire”, “Neftçi” İK, “Araz-Naxçıvan”, “Şuşa”, U-19, “Yasamal Bakı”, PFL, “Baku Fire-2”, “STAR kargo”, “Yeni Suraxanı”, “Timsport”, “Metropoliten”, “Djevo Dəyirman”, “Xan-Lənkəran”, “Dəstə Ordubad” və “Çarşı Bakı” iştirak edəcəklər. 1/8 və 1/4 final mərhələsini oyunları yanvarda keçiriləcək. Hər mərhələ bir görüşdən ibarət olacaq.