Azərbaycan Kubokunda “Neftçi” – “Qarabağ” dueli

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk olaraq “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edəcək.

“Neftçi Arena”da keçiriləcək bu qarşılaşmaya saat 20:00-da start veriləcək. Bu komandalar indiyədək bu turnirdə 21 dəfə üz-üzə gəliblər. Bunların 10-da Ağdam təmsilçisi, 5-də paytaxt klubu qələbəyə sevinib, 6 matçda heç-heçə qeydə alınıb.

Ağdam təmsilçisi ölkə kubokundakı son 5 görüşdə rəqibinə uduzmayıb, “Neftçi” isə axırıncı 3 oyunda qol vurmayıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin “Zirə” – “Qəbələ” dueli sabah – aprelin 3-də baş tutacaq.

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
2 aprel

“Neftçi” – “Qarabağ”
Bakı. “Neftçi Arena”, 20:00.

3 aprel

“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 19:00.