Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində 32 qol vurulub ki, bu da yarışın 32 illik tarixində mütləq rekorddur.
Arena.az xəbər verir ki, bu mərhələdə “Sabah” – “Qarabağ” (1:7, 4:3), “Sumqayıt” – “Neftçi” (2:3, 1:1), “Səbail” – “Zirə” (1:2, 0:3) və “Araz-Naxçıvan” – “Qəbələ” (1:1, 0:2) duelləri baş tutub.
Bununla da 1/4 final mərhələlərinin ən yüksək məhsuldarlığı qeydə alınıb.
Əvvəlki illərdə rekord 2015/2016 mövsümündə reallaşmışdı. Həmin vaxt 4 cütdə 29 qol vurulmuşdu.
Həmin vaxt “Rəvan” “İnter”lə (2:1, 0:3), “Qarabağ” “Sumqayıt”la (2:0, 4:1), “Xəzər Lənkəran” “Neftçi” ilə (3:2, 0:2), “Zirə” “Qəbələ”ylə (1:2, 1:5) üz-üzə gəlib.
Azərbaycan Kubokunun 1/4 final mərhələlərində daha bir yeni rekord qeydə alınıb. “Sabah” – “Qarabağ” cütü bu mərhələnin ən məhsuldar duelinin iştirakçısı olub.
Bu komandaların görüşlərində 15 qol vurulub. Hər iki tərəf səfərdə qalib gəlib. Ağdam klubu 7:1, paytaxt təmsilçisi 4:3 hesabı ilə üstün olub.
İndiyə qədər 1/4 final mərhələlərinin bir cütündə bu qədər qol vurulmayıb. Ən məhsuldar duellər 13 qolla başa çatıb.
1994/1995 mövsümündə “Kəpəz”lə Sumqayıt “Xəzər”inin matçlarında gəncəlilər iki qələbə qazanıblar – 3:0 və 6:4. 2016/17 mövsümündə isə “Qarabağ” “Sumqayıt”ı üstələyib – 6:0 və 5:2.
Xatırladaq ki, ümumilikdə ölkə kubokunun ən məhsuldar cütündə 23 qol qeydə alınıb. 2003/04 mövsümündə 1/8 finalda “Şəfa” “Lider Qarabağ”ı 14:0 və 8:1 hesabları ilə yenib.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2023/2024 mövsümünün yarımfinalında “Qarabağ” “Neftçi”ylə, “Zirə” isə “Qəbələ”ylə qarşılaşacaq.


