Azərbaycan Kubokunun qalibi bəlli olur: “Neftçi” “Qəbələ”yə qarşı

Bu gün “Neftçi” ilə “Qəbələ” arasında keçiriləcək Azərbaycan Kubokunun final oyunu ilə 2022/2023 mövsümünə yekun vurulacaq.

Arena.az xəbər verir ki, həlledici qarşılaşma Bakıdakı “Bakcell Arena”da baş tutacaq.

Bu matç iki rəqib arasında 65-ci duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyədək 64 dəfə görüşüb. Əvvəlki matçlarda 19 qələbəsi olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib. 28 oyunda isə bakılılar qalib gəlib. Bu görüşlərdə “Neftçi” 92, “Qəbələ” 76 qol vurub.

Əvvəlki qarşılaşmalardan 59-u Premyer Liqa, 5-i ölkə kubokuna təsadüf edib. Azərbaycan kubokuna təsadüf edən matçlarda komandalar hərəyə bir dəfə qalib gəliblər. Üç oyun heç-heçə başa çatıb. “Qəbələ” 7, “Neftçi” 6 qol vurub.

Kubokda bu komandaların yolları üç dəfə kəsişib. Yarımfinal duellərində komandalar hərəyə bir dəfə mərhələ keçib. Bir görüş isə finala təsadüf edib. 2013/14 mövsümündəki görüşün taleyi penaltilər seriyasında həll olunub. 1:1 hesabı ilə nəticələnən görüşün sonunda paytaxt təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

“Neftçi” 11-ci dəfə Azərbaycan Kubokunun finalında oynayacaq. Bu, 1992-ci ildən keçirilən yarışda mütləq rekorddur. Əvvəlki 10 finalda 6 dəfə qalib olan bakılılar 4 dəfə mükafatsız qalıb.

“Qəbələ” isə 5-ci dəfə belə görüşün iştirakçısı olacaq. Əvvəlki 4 finalın birində kubok qazanan “qırmızı-qaralar” “Xəzər Lənkəran”a çatacaq.

Ölkə kubokunun əvvəlki 28 finalında 7 müxtəlif hesab qeydə alınıb. Əlavə vaxtın oynanıldığı matçlarda 120 dəqiqəni nəzərə alsaq, ən populyar nəticə bir qolun vurulmasıdır: 1:0 – 9 dəfə, 2:1 – 7 dəfə, 2:0 – 5 dəfə, 1:1 – 3 dəfə, 0:0 – 2 dəfə, 3:1 və 3:0 – 1 dəfə.

Final görüşlərində 12 dəfə əlavə vaxta ehtiyac olunub. Bunlardan yeddisində qalib müəyyənləşibsə, 5 dəfə penaltilər seriyası zərurəti yaranıb.

Finalda üz-üzə gələcək “Neftçi” və “Qəbələ”nin baş məşqçiləri karyeralarında ilk dəfə ölkə kubokunu qazanmaq şansı əldə edib. Laurentsiu Regekampf və Elmar Baxşıyev çalışdırıcı kimi heç vaxt bu titula yiyələnməyiblər.

Azərbaycan Kuboku
Final
3 iyun

“Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Ehtiyat VAR: Cavid Cəlilov.
Ehtiyat köməkçi hakim: Rəhman İmami.
Bakı. “Bakcell Arena”. 20:00.