Azərbaycan Kubokunun sonuncu yarımfinalçısı “Sərhədçi” oldu

Bu gün “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupu çərçivəsində son iki oyun keçirilib.

Arena.az xəbər verir ki, günün ilk oyunu “Gəncə” və “Şəki” komandaları arasında baş tutub.

Bu oyun “Gəncə”nin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Donovan Filds olub – 20 xal, 7 assist. “Şəki”də isə Simeus Vebster fərqlənib – 22 xal, 14 ribaund.

Günün ikinci oyununda qrupdan çıxmaq uğrunda mübarizə aparan “Sabah”la, “NTD-İndiqo” komandaları üz-üzə gəliblər. Bu görüşdə Xaçmaz təmsilçisi 89:85 hesablı qələbə qazanaraq, B qrupunu lider tamamlayıb. “Sabah”ın məğlub olması “Sərhədçi”nin yarımfinala vəsiqə qazanmasına şərait yaradıb. Bu oyunda “Sabah”ın ən məhsuldar basketbolçusu Endər Poladxanlı olub – 21 xal, 10 ribaund. “NTD-İndiqo”da isə Qriffin Remmi özündən söz etdirib – 21 xal, 11 asist.

Beləliklə, Azərbaycan Kubokunun yarımfinalında “NTD-İndiqo” “Xəzri”yə, “Neftçi” isə “Sərhədçi”yə rəqib olub. Yarımfinal görüşləri aprelin 17-də keçiriləcək.