Azərbaycan kubokunun yeni rekordçusu: “Neftçi”nin 11-ci finalı

Futbol üzrə Azərbaycan kubokunun 2022/2023 mövsümünün final qarşılaşmasında “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gələcək.

Arena.az xəbər verir ki, “Neftçi” tarixində 11-ci dəfə ölkə kubokunun finalında oynayacaq. Bu, 1992-ci ildən keçirilən yarışda mütləq rekorddur. Əvvəlki 10 finalda 6 dəfə qalib olan bakılılar 4 dəfə mükafatsız qalıb.

“Ağ-qaralar” 11-ci dəfə həlledici oyuna çıxmaqla “Qarabağ”ı arxada qoyacaq. Ağdam klubu 10 dəfə final oynayıb.

“Qəbələ” isə 5-ci dəfə belə görüşün iştirakçısı olacaq. Əvvəlki 4 finalın birində kubok qazanan “qırmızı-qaralar” “Xəzər Lənkəran”a çatacaq.

Ümumiyyətlə, əvvəlki 28 finalı və “Bakcell Arena”da baş tutacaq matçı nəzərə alsaq, həlledici görüşlərdə 18 komanda iştirak edib:

“Neftçi” – 11
“Qarabağ” – 10
“İnter” (indiki “Şamaxı”) – 6
“Xəzər Lənkəran” – 5
“Qəbələ” – 5
“Kəpəz” – 4
“Bakı” – 3
“Kür Nur” – 2
“Şəmkir” – 2
“Sumqayıt” – 2
“İnşaatçı” – 1
“Şəfa” – 1
“Xəzri” – 1
“MKT-Araz” – 1
“Karvan” – 1
“Xəzər” (Lənkəran) – 1
“İnşaatçı” (Sabirabad) – 1
“Zirə” – 1

Yeri gəlmişkən, Azərbaycan Kubokunun 2022/2023 mövsümündə qapılara 50 qol vurulub. Bu, son 5 turnir üçün mütləq rekorddur.
Sonuncu dəfə daha çox qolun vurulması 2017/2018 mövsümündə qeydə alınıb. Həmin vaxt bu rəqəm 67-yə bərabər olub.

2018/2019 mövsümündə 39, sonrakı yarışda 30 qol vurulub. 2020/2021 mövsümündə 40, ötən kubokda 48 dəfə top qapıdan keçib. Bu mövsümün yekun nəticəsinin neçə qol olacağı isə finaldan sonra bilinəcək.

Xatırladaq ki, sabah “Bakcell Arena”da baş tutacaq “Neftçi” ilə “Qəbələ” arasındakı final qarşılaşmasına saat 20:00-da start veriləcək.