Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı dəyişdirilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qurum bundan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırılacaq.
Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb.
Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib.
Növlərinə uyğun olaraq hazırda dünyada Beynəlxalq Kanoe Federasiyası (International Canoe Federation – ICF) və Beynəlxalq Avarçəkmə Federasiyası (International Rowing Federation – IRF) fəaliyyət göstərir. Hər 2 qurumun tamhüquqlu üzvü olmaqla ölkəmizdə adları qeyd edilən idman növlərini inkişaf etdirən Azərbaycan Milli Avarçəkmə Federasiyası da məhz bu üzdən ad dəyişikliyinə ehtiyac duyub.