Azərbaycan milli komandalarına yeni baş məşqçilər təyin olundu

Voleybol üzrə qadın və kişilərdən ibarət Azərbaycan milli komandalarına yeni baş məşqçilər təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə İdarə Heyətinin geniş iclası keçirilirib. Yığıncaqda Super Liqa, Yüksək Liqa, 1-ci Liqa və ölkə kubokunda 2021/22 mövsümünün yekunu müzakirə olunub.

Bunlarla yanaşı, qarşıda duran vəzifələr və voleybolun inkişafı ilə də bağlı fikir mübadiləsi aparılıb. Milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, 5-ci İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı müzakirəyə çıxarılıb.

C.Qurbanov millimizin 9 dəfə Avropa çempionatının final mərhələsində, 4 dəfə dünya çempionatında iştirak etdiyini, klublarımızın avrokuboklardakı uğurlu çıxışlarını xatırladıb. Federasiya prezidenti qarşıya əsas hədəf kimi iştirak ediləcək yarışlarda yüksək nəticə əldə etmək tapşırığı qoyub.

C.Qurbanov Azərbaycan çempionatında iştirak edən oyunçuların demək olar ki, əksəriyyətinin gənclər olduğunu söyləyib və bunu sevindirici hal kimi vurğulayıb. O bildirib ki, Bakıda, eləcə də bölgələrdə olan ucaboylu qız və oğlanları voleybola cəlb etmək lazımdır. Federasiya prezidenti bununla bağlı görüşdə iştirak edən məşqçilərə də tövsiyyələrini verib.

Daha sonra Qurbanov bu gün start götürəcək Avropa çempionatının seçmə oyunlarında mübarizə aparacaq 22 yaşadək oğlan voleybolçularımıza uğurlar arzu edib.

İclasda qadın və kişilərdən ibarət Azərbaycan milli komandalarına baş məşqçilərin təyinatı da rəsmiləşib. İdarə Heyətinin qərarı ilə Eldar Yusubov qadınlardan ibarət milli komandaya, Pərviz Səmədov kişilərdən ibarət milliyə baş məşqçi təyin olunublar.

Daha sonra yeni təyin olunan baş məşqçilər ilk öncə onlara göstərilən böyük etimada görə AVF rəhbərliyinə təşəkkür ediblər. Onlar milli komandalarımızın qarşıdakı yarışlarda uğurlu çıxışı üçün vacib amillərdən danışıb, təkliflərini veriblər. Qurbanov məşçiləri dinlədikdən sonra bildirib ki, əsas hədəf qarşıdakı yarışlarda uğurlu çıxış etmək və ölkəmizdə voleybolun yenidən inkişafına nail olmaqdır.

Regionlarda voleybolun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb. Bununla bağlı İdarə Heyətinə lazımı tapşırıqlar verilib.