Azərbaycan millisi 2022-ci ilə uğurlu start verdi – 13 güləşçidən 9 medal!

Sərbəst güləş üzrə Azərbaycan millisi 2022-ci ildə ilk sınağından uğurla çıxıb. Arena.az xəbər verir ki, yığmamız Bolqarıstanın Veliko Tırnovo şəhərində təşkil olunmuş Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edib.

Fevralın 17-də start götürən və bu gün başa çatan yarışda ölkəmizi 13 güləşçi təmsil edib. Belə ki, baş məşqçi Namiq Abdullayevlə böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında aşağıdakı sərbəst güləşçilərimiz Veliko Tırnovoya yollanmışdı:

Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq)
İntiqam Vəlizadə (61 kq)
Turan Bayramov, Cəbrayıl Hacıyev (hər ikisi 74 kq)
Əşrəf Aşırov (79 kq)
Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq)
Osman Nurməhəmmədov (92 kq)
Məhəmmədxan Məhəmmədov, İslam İlyasov (hər ikisi 97 kq)
Rahid Həmidli (125 kq)

Qadınların yarışında isə Elis Manolova (65 kq) çıxış edib.

İlk gündə 2 “bürünc”

İlk yarış günündə 4 təmsilçimiz xalça üzərinə çıxıb. İntiqam Vəlizadə startda uğursuzluqla üzləşib. Həmyerlimiz amerikalı Qabe Taunsellə görüşdə zədələnərək mübarizəni erkən başa vurub.

Əşrəf Aşırov ilk görüşdə gürcü Temuri Beruaşviliyə sonuncu xal (3:3) prinsipinə əsasən qalib gəlib. Ancaq 1/4 finalda dördqat dünya və ikiqat Avropa üçüncüsü Əli Şabanova (Belarus) məğlub olub.

Osman Nurməhəmmədov əvvəlcə bolqar İliya Xristov (13:2), daha sonra isə iranlı Mehdi Hacılueyanmurafah (9:2) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Ahmed Batayev (Bolqarıstan) 4:6 hesabıyla məğlub olan Osman fevralın 18-də bürünc medal uğrunda güləşib. Şimali Makedoniya təmsilçisi Recep Haydariyə heç bir şans tanımayan (10:0) millimizin üzvü fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Mübarizəyə 1/4 finaldan qoşulan Manolova macar Viktoriya Felhonu “tuşe” ilə üstələyib. Ancaq yarımfinalda amerikalı Mallori Velteyə (0:8) uduzan Elis, ümidini bürünc medala bağlayıb. Yığmamızın üzvü rumıniyalı Amina Kapezanı 4:0 hesabıyla məğlub edərək bürünc medalı boynundan asıb.

Bolqarıstanda Azərbaycan derbisi

Yarışın 2-ci günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub. Əfqan Xaşalov 1/8 finalda Arun Aruna (Hindistan) “tuşe” ilə qalib gəldikdən sonra iranlı Rza Momenijuzadəni də vaxtından əvvəl üstələyib – 10:0. Xaşalov yarımfinalda hindistanlı Aman Amanla qarşılaşmada zədələndiyindən görüşü məğlub başa vurub.

Əliabbas Rzazadə startda bolqar İvaylo Tısova heç bir şans verməyib – 10:0. Ancaq həmyerlimiz belaruslu Ariyan Tiutrinlə görüşdə son saniyələrdə üstünlüyü əldən verərək məğlub olub – 6:8. Əliabbas fevralın 19-da keçirilən təsəlliverici görüşdə gürcü Qoqa Ciquaya “tuşe” ilə qalib gəlib. Rzazadə amerikalı Niko Provonu isə cəmi 45 saniyəyə tam üstünlüklə məğlub edərək (10:0) bürünc medala sahib çıxıb.

Turan Bayramov təsnifat mərhələsində bolqar Mixail Georgiyevi məyus etdikdən (3:0) sonra Bolqarıstanın digər təmsilçisi Aykan Seidə tam üstünlüklə qalib gəlib – 12:0. Bayramov 1/4 finalda əlcəzairli Abdelkader İkkaldan güclü olub – 6:0. Macar Murad Kuramqomedovla görüşdə yekun hesab 1:1 olub və sonuncu xalı Turan aldığı üçün həmyerlimiz finala yüksəlib.

Mübarizəyə 1/8 finaldan qoşulan Cəbrayıl Hacıyev qazaxıstanlı Sultan Jaksiliki “tuşe” ilə yolundan kənarlaşdırdıqdan sonra gürcü Dimitri Jioeviyə də vaxtından əvvəl qalib gəlib – 12:1. Cəbrayıl yarımfinalda bolqarıstanlı Ali-Paşa Umarpaşayev üzərində 8:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

Beləliklə, fevralın 19-da 74 kq-da finalda millimizin iki üzvü qarşılaşıb. Turana 3:1 hesabıyla qalib gələn Cəbrayıl qızıl medal qazanıb.

Abakarovla Məhəmmədov da “qızıl” qazandı

Yarışın 5-ci günündə son beş sərbəst güləşçimiz mübarizəyə qoşulub. Orxan Abasov 1/8 finalda gürcü Sandro Aminaşviliylə qarşılaşıb. Son saniyələrdə hakimlərin mübahisəli qərarları nəticəsində rəqib 9:7 hesablı qələbəyə sevinib. Sandro finala yüksəldiyi üçün Orxan təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Abasov yarışın son günündə bolqar Evelin Rusevə (11:0) və hindistanlı Sandep Sandepə (7:6) qalib gələrək bürünc medala iddiasını ortaya qoyub. Həlledici görüşdə moldovalı Denis Balauru (9:3) üstələyən Orxan bürünc medalı boynundan asıb.

Abubakr Abakarov təsnifat mərhələsində gürcü Qoqa Mamiauriyə qalib gəlib – 7:1. Yığmamızın üzvü 1/8 finalda əlcəzairli Fateh Benfercellahı vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Gürcüstanın digər təmsilçisi Zaur Beradzeylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib (4:3) ayrılan Abakarov yarımfinala yüksəlib. Abubakr hindistanlı Sanjet Sanjeti də məğlub (8:4) edərək finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada Aminaşviliylə qarşılaşıb və 7:0 hesabıyla qalib gələrək turnirin baş mükafatına yiyələnib.

Mübarizəyə 1/4 finaldan qoşulan İslam İlyasov belaruslu Aleksandr Xuştinə uduzub – 1:4. Onunla eyni çəkidə çıxış edən Məhəmmədxan Məhəmmədov ilk mərhələdə gürcü İuza Tsertsvadzeyə heç bir şans tanımayıb – 11:2. Məhəmmədxan daha sonra belaruslu Vasili Pavluçenkaya tam üstünlüklə qalib gəlib – 15:4. Məhəmmədov yarımfinalda Xuştini “tuşe” ilə məğlubiyyətə uğradaraq adını finala yazdırıb. Məhəmmədxan həlledici görüşdə iranlı Meysam Abdiylə qarşılaşıb və rəqibini “tuşe”ylə məğlub edərək turnirin baş mükafatına yiyələnib.

Rahid Həmidli (125 kq) startda bolqar İslam Adizovdan güclü olub – 6:3. Həmyerlimiz 1/4 finalda Bolqarıstanın digər təmsilçisi Georgi İvanovu vaxtından əvvəl məğlub edib – 13:0. Rahid yarımfinalda finlandiyalı Yere Heyno ilə qarşılaşıb və rəqibinə 0:5 hesabıyla uduzaraq ümidini bürünc medala bağlayıb. Bu gün gürcü Solomon Manaşvili zədələndiyi üçün idmançımızla güləşməyib və Həmidli bürünc medala sahib çıxıb.

9 medalçı

Beləliklə, güləşçilərimiz üçün 2022-ci ilə start uğurlu alınıb. Veliko-Tırnovo şəhərində xalçaya çıxan 12 sərbəst güləşçimizdən 8-i fəxri kürsüyə qalxıb. Cəmi 4 idmançımız medalsız qalıb ki, onların da 3-ü məhz zədələndiyi üçün mübarizəni sonadək davam etdirə bilməyib.

Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) yarışın baş mükafatına yiyələnib. Turan Bayramov (74 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medal qazanıb. Abakarov həm də turnirin ən yaxşı sərbəst güləşçisi mükafatına sahib çıxıb. Beləliklə, komandamız yarışı 3 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Yeganə qadın güləşçimiz Elis Manolovanın (65 kq) qazandığı bürünc medalı da saysaq, komandamız Bolqarıstandan 9 medalla qayıdır.

Xatırladaq ki, memorialda I-S kateqoriyalı hakim İntiqam Alıyev də ədaləti qoruyub.

Azərbaycan millisi üçün növbəti sınaq fevralın 24-dən 27-dək İstanbulda keçiriləcək ilin ilk reytinq turniri olacaq. Türkiyədəki yarışda yığmamızın digər üzvlərinin iştirakı nəzərdə tutulub.