Azərbaycan millisi 2024-cü ili 117-ci sırada başa vurdu

Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış 2024-cü ilin dekabr ayının FIFA reytinqində əvvəlki mövqeyini qoruyub.

Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

İlin sonuncu reytinq cədvəlində dünyanın 210 yığması yer alıb. Hesabat dövründə heç bir matç keçirməyən yığmamızın mövqeyi dəyişməyib. Fernando Santosun rəhbərlik etdiyi Azərbaycan millisi ilin son siyahısında dünyanın 117-cisidir. Komandamızın hesabında 1158,70 xal var.

Qeyd edək ki, yığmamız ötən illə müqayisədə 3 pillə geriləyib. Hazırda 117-ci olan millimiz 2023-cü ili 114-cü sırada başa vurmuşdu. 1994-cü ildən FİFA reytinqinə daxil edilən Azərbaycan 31-ci ilini yekunlaşdırıb.

Komandamız 18-ci nəticəsinə imza atıb. 3-cü dəfə ili 117-ci yerdə bitirən millimiz 2015-ci və 2017-ci illərdə də eyni göstəriciyə imza atıb. Bir sözlə, yığmamız 7 il əvvəlki nəticəsini təkrarlayıb.

Qeyd edək ki, millinin ilin sonundakı ən yüksək nəticəsi 2016-cı ildəki 90-cı yer, antirekordu 1994-cü ildəki 147-ci pillədir.

Siyahıya son dünya çempionu Argentina (1867,25) başçılıq edir. Fransa millisi (1859,78) ikinci, İspaniya yığması (1853,27) üçüncüdür.

FİFA reytinqininin ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. Argentina – 1867,25
  2. Fransa – 1859,78
  3. İspaniya 1853,27
  4. İngiltərə – 1813,81
  5. Braziliya – 1775,85
  6. Portuqaliya – 1756,12
  7. Niderland – 1747,5
  8. Belçika – 1740,62
  9. İtaliya – 1731,51
  10. Almaniya – 1703,79