Azərbaycan millisi 3-cü raundda Gürcüstana qalib gəldi

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Tiflis şəhərində yerli komanda ilə yoldaşlıq görüşündə iştirak edir.

Arena.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığmamız 3-cü turda ağ fiqurlarla mübarizə aparıb.

3-cü turda dörd partiya bərabərliklə yekunlaşıb. Millimizin üzvü Ülviyyə Fətəliyeva isə görüşünü qələbəylə başa vurub. Beləliklə, 3-cü tur millimizin 3:2 hesablı qələbəsiylə nəticələnib.

Reqlamentə əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq.

Xatırladaq ki, Azərbaycan millisi ilə Gürcüstan yığması arasındakı ilk raund heç-heçə yekunlaşmışdı. İkinci raundda isə gürcülər 3:2 hesabıyla qalib gəlmişdilər.

Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqində nəzərə alınacaq.