Futbol üzrə Azərbaycan millisi bu gün növbəti, 2022-ci ildə isə sonuncu yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi milli komanda Skopyedə Şimali Makedoniya yığması ilə qarşılaşıb.
Albaniyadan olan hakimlər briqadasının idarə etdiyi qarşılaşma məhsuldar alınıb. Matçda hesabı meydan sahibləri açıblar. Şimali makedoniyalılar penalti qolu ilə önə keçiblər. Amma bu qola görə ruhdan düşməyən yığmamız ilk hissədə hesaba tarazlıq gətirməyi bacarıb. İkinci hissədə isə komandamız daha iki qol vurmaqla əzmkar qələbəyə imza atıb. Bundan meydan sahiblərinin fasilədən sonra azlıqda qalması da az rol oynamayıb. Elə yığmamız da son 15 dəqiqəni azlıqda keçirib.
Xatırladaq ki, Azərbaycan millisi noyabrın 16-da Moldova ilə yoxlama matçında 2:1 hesablı qələbə qazanmışdı. Şimali Makedoniya yığması üzərindəki qələbə ilə millimiz ardıcıl iki səfər oyunundan qalib ayrılıb.
Bütövlükdə isə, Azərbaycan yığması ardıcıl beş oyundur meydanı qələbə ilə tərk edib. Futbolçularımız daha öncə Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanı (3:0) da məğlub etmişdi.
Bu oyunda hesabı açan Elvin Cəfərquliyev, həmçinin ikinci qolun müəllifi Musa Qurbanlı ilk dəfə yığma komandanın heyətində qol sevinci yaşayıb. “Qarabağ”ın digər futbolçusu Ramil Şeydayev isə matçda son nötqəni qoyamaqla millidə 9-cu qolunu vurub və Emin Mahmudovla Vaqif Cavadova çatıb. “Sabah”ın futbolçusu Ceyhun Nuriyev isə bu oyunda meydana çıxmaqla millimizdə debüt edib. 21 yaşlı yarımmüdafiəçi yığmada forma geyinən 261-ci futbolçu olub.
Yoxlama oyunu
20 noyabr
Şimali Makedoniya – Azərbaycan 1:3
Qol: E.Bardi, 25 – E.Cəfərquliyev, 38. M.Qurbanlı, 65. R.Şeydayev, 88.
Qırmızı vərəqə: B.Nikolov, 52 (ikinci sarı) – H.Haqverdi, 75.
Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari (hamısı Albaniya).
Dördüncü hakim: Yovan Kaçevski (Şimali Makedoniya).
Skopye. “Todor Proeski Milli Arena”.
Şimali Makedoniya: 22. Damyen Şişkovski, 3. Stefan Aşkovski, 5. Nikola Serafimov, 6. Visar Musliu, 7. Elif Elmas, 8. David Babunski, 10. Enis Bardi, 13. Stefan Ristovski (k), 16. Boban Nikolov, 23. İliya Nestorovski, 24. Lyupçe Doriyev.
Ehtiyat oyunçular: 1. Stole Dmitriyevski, 12. Kristiyan Naumovski, 26. İqor Aleksovski, 2. Todor Todoroski, 4. Kire Ristevski, 9. Boyan Miovski, 11. Yani Atanasov, 14. Darko Velkovski, 15. Eqzon Beytulay, 17. Valon Etemi, 18. Aqon Elezi, 19. Dorian Babunski, 20. Stefan Spirovski, 21. Martin Mirçevski, 25. Aleksandar Dimovski.
Baş məşqçi: Blaqoya Milevski.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15. Bəxtiyar Həsənəlizadə, 19. Elvin Cəfərquliyev, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22. Aleksey İsayev, 24. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 3. Azər Salahlı, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 13. Anatoli Nuriyev, 14. Ceyhun Nuriyev, 16. Elvin Camalov, 17. Toral Bayramov, 5. Anton Krivotsyuk, 25. Rövlan Muradov, 26. Qismət Alıyev.
Baş məşqçi: Canni De Byazi.