Azərbaycan millisi Avropa çempionatına Bakıda hazırlaşır

17 yaşadək qızlardan ibarət həndbol üzrə Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. Arena.az xəbər verir ki, komandamız baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi altında “AHF Arena”da hazırlıq keçir.

Təlim-məşq toplanışına 18 həndbolçu cəlb edilib. Təlim-məşq toplanışında komandanın fiziki və taktiki-texniki hazırlığına önəm verilir. Hazırlığın növbəti mərhələsi 18-28 mart aralığında Göygöl Olimpiya Kompleksində təşkil olunacaq.

Xatırladaq ki, 17 yaşadək qızların Avropa çempionatı avqustun 5-dən 13-dək Bakıda keçiriləcək. Həndbol üzrə Azərbaycan millisi “A” qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq. “B” qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.