Azərbaycan millisi Avropa çempionatına Misirdə hazırlaşacaq

Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qızlardan ibarət Azərbaycan millisi bu gün Misirin Şarm əl Şeyx şəhərinə yola düşüb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yığmamız çimərlik voleybolu üzrə 18 yaşadək qızlar arasında Avropa çempionatına hazırlığı Misir Ərəb Respublikasında davam etdirəcək.

Çimərlik voleybolçularımız burada rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün təlim-məşq toplanışı keçəcəklər. Azərbaycan millisi bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.

Təlim-məşqlərə 6 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.

Qeyd edək ki, AÇ-2024 (U-18) bu il iyulun 11-dən 14-nə qədər Gürcüstanın Kaçreti şəhərində baş tutacaq.