Futzal üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, komandamız Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə Belçika yığması ilə qarşılaşıb.
Ötən gün səfərə çıxan yığmamız sözügedən rəqiblə Borqlon şəhərində üz-üzə gəlib. İsa Atayevin yüngül zədəsi olduğundan, görüşə ikinci hissədə qoşulub. Oyuna rəqib fəal başlayıb. Artıq 2-ci dəqiqədə meydan sahibləri hesabı açıb. 8-ci dəqiqədə isə Fariri uzaqdan qüvvətli zərbə ilə fərqi 2 topa çatdırıb. Ardınca Fineo qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub. İki dəqiqədən sonra tam heyətlə mübarizəni davam etdirən komandamız fərqi minimuma endirməyi bacarıb. Vassura adını tabloya yazdırıb. Bir qədər sonra Xətai Bağırov hesabı bərabərləşdirməyə yaxın olub. Hissənin sonuna yaxın baş məşqçi Alesio qapıçını meydan oyunçusu ilə əvəzləyib. Bu da rəqib qapçının qol vurmasına şərait yaradıb.
İkinci hissəyə də komandamız yaxşı başlamayıb. Bu dəfə Xətai Bağırov ikinci sarı-qırmızı vərəqə alaraq meydanı tərk edib. İsa və Ramizin iki epizodda zərbəsi təhlükəli alınıb. Fasilədən sonra ilk qolu isə Qallo vurub və fərqi minimuma endirib. Amma 2 dəqiqə sonra Lukas yenidən qapımıza yol tapıb. 37-ci dəqiqədə komandamız 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Tyaqo dəqiq oynayıb. Beləcə, millimiz AÇ-nin startı ərəfəsində 8 qolluq Belçika ilə matçdan məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar – 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.
Yoxlama oyunu
17 yanvar
Belçika – Azərbaycan 5:3
Qollar: Omar Rahou, 1:13. Soufian El Fakiri, 7:58. Moustafa İdrisi, 19:44. Lukas Diniz Pineyro, 32:23, 39:28 – Vassura, 16:20. Qallo, 30:17. Bolinya, 36:51.
Qırmızı vərəqələr: Fineo De Arauxo, 13:36, Xətai Bağırov, 24:14 (ikinci sarı).
Hakimlər: İbrahim Eljilali, Juan Boelen, Kris Feytons.
Belçika: 1. Mustafa İdrisi, 2. Sven Sleypen, 4. Omar Rahou, 5. Ahmed Sababti (k), 6. Meris Durakoviç, 19. Dries Vrancken, 7. Steven Dillien, 8. İbrahim Adnane, 9. Lukas Diniz Pineyro, 10. Zakariya Lamsayah, 11. Uadi Souliemani, 14. Soufian El Fakiri, 15. Yasper Buyl, 16. Kennet Vanderheyden.
Baş məşqçi: Karim Baxar.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Bolinya, 5. Fineo De Arauxo, 10. Vassura, 13. Qallo, 1. Emin Kürdov, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 2. Felipinyo, 17. İsa Atayev, 16. Maneka.
Baş məşqçi: Joze Alesio Da Silva.


