Futbol üzrə Azərbaycan millisi bu gün ilk dəfə keçirilən “FIFA series – Edition 2024” layihəsi çərçivəsində növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, milli komandamız bu dəfə Bolqarıstan yığması ilə üz-üzə gələcək.
2024-cü ildə ilk oyununda Monqolustan yığması ilə qarşılaşan və bu rəqibini 1:0 hesabıyla məğlub etmiş Azərbaycan millisi uğurun davamını gətirməyə çalışacaq. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq.
Xatırladaq ki, Bolqarıstan yığması da bir neçə gün öncə Bakıdakı turnir çərçivəsində Tanzaniy milli komandası ilə qarşılaşmışdı. İlian İliyevin rəhbərlik etdiyi kollektiv bu rəqibini 1:0 hesabıyla məğlub etmişdi. Bu üzdən bolqarlar da növbəti qələbə üçün meydana çıxacaqlar.
Hazırda baş məşqçisiz olan Azərbaycan milli komandasına müvəqqəti olaraq Arif Əsədov rəhbərlik edir. Hələ Canni De Byazinin dövründə köməkçi-məşqçi kimi fəaliyyət göstərən 53 yaşlı mütəxəssis Bolqarıstanla matçda da özünü sübut etməyə çalışacaq. Baxmayaraq ki, onun milli komandamızın baş məşqçisi kimi qalması ehtimalı elə də yüksək qiymətləndirilmir.
“FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün Bakıda daha bir oyun keçiriləcək. Belə ki, ilk oyunlarını məğlubiyyətlə başa vurmuş Tanzaniya və Monqolustan yığmaları Mərdəkandakı “Dalğa Arena”da üz-üzə gələcəklər. Saat 17:00-da start götürəcək bu qarşılaşmanı Azərbaycandan olan hakimlər idarə edəcəklər. Baş hakim Elçin Məsiyevə yan xətdə Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər, dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
“FIFA series – Edition 2024”
25 mart
Azərbaycan – Bolqarıstan
Hakimlər: Kristo Tohver, Sander Saqa, Sten Klaasen (hamısı Estoniya).
Dördüncü hakim: İnqilab Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.