Azərbaycan millisi bu gün B Liqasına vəsiqəni təmin edə bilər

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz qrup mərhələsinin 5-ci turu çərçivəsində Kipr yğması ilə qarşılaşacaq.

Limassol şəhərindəki eyniadlı stadionda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Karoline Lenssens olacaq.

Xatırladaq ki, Azərbaycan millisi dörd turdan sonra 10 xalla qrupa liderlik edir. Kipr yığması isə 7 xalla qrup ikincisidir. Monteneqronun hesabında 6 xal varsa, autsayder Farer adaları hələ xal hesabını aça bilməyib.

Komandamız əvvəlki oyunlarında Monteneqroya səfərdə 1:0, evdə 3:0, Farer adalarına səfərdə 2:1 hesabıyla qalib gəlib. Kiprlə ev oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Komandamız bu gün Kiprdə qələbə qazanacağı təqdirdə B Liqasına vəsiqəni təmin edəcək. Heç-heçə sayəsində də yığmamız qrup liderliyini qorumuş olacaq. Əks halda komandamız ikinci pilləyə yuvarlana bilər.

Millimiz qrupdakı son matçını Bakıda Farer adalarına qarşı keçirəcək.

Qrupun digər oyununda bu gün Monteneqro Farer adalarını qəbul edəcək.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
1 dekabr

Kipr – Azərbaycan
Baş hakim: Karoline Lanssens (Belçika).
Baş hakimin köməkçiləri: İrmqard Van Meirvenne, Marqot Yakobs (Belçika).
Dördüncü hakim: Jana Van Laere (Belçika).
Limassol. Limassol stadionu. Saat 21:00.

Xal: Azərbaycan – 10. Kipr – 7. Monteneqro – 6. Farer adaları – 0.