Azərbaycan millisi Buxarestdə Avropa 3-cüsü oldu

Sərbəst güləş üzrə Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 3-cü yeri tutub.

Arena.az xəbər verir ki, Avropa çempionatına bu gün yekun vurulub.

Qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən 10 sərbəst güləşçimizdən 7-si fəxri kürsüyə qalxıb.

1 gümüşvə 6 bürünc medal qazanan Azərbaycan millisi 122 xal toplayaraq, komanda hesabında Avropa 3-cüsü olub. Türkiyə (140) birinci, Gürcüstan (130) isə ikinci yeri tutub.

Xatırladaq ki, sərbəst güləş yığmamızda ən yaxşı nəticəni Maqomedxan Maqomedov (97 kq) göstərib. O, Avropa çempionatını gümüş medalla başa vurub. İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseni Coyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar.

Azərbaycan güləşçiləri Rumıniyadakı Avropa çempionatını bütövlükdə 16 medalla başa vurublar. Güləşçilərimiz 5 qızıl, 3 gümüş və 8 bürünc) əldə ediblər.

Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.

Bu Avropa çempionatı qadın güləşçilərimiz üçün də uğurlu alınıb. Belə ki, Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar. Elis Manolova (65 kq) bürünc medala yiyələnib.