Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış 2024-cü ilin noyabr ayının FIFA reytinqində bir pillə irəliləyib.
Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Cədvəldə dünyanın 210 yığması yer alıb. Azərbaycan yığması 1158,70 xalla dünyada 117-cidir. Fernando Santosun baş məşqçisi olduğu kollektiv ötən ayla müqayisədə bir pillə irəliləyib. Baxmayaraq ki, komandamız ötən cədvəllə müqayisədə 3,10 xal itirib.
Buna UEFA Millətlər Liqasının qrup mərhələsinin son iki turundakı uğursuzluqlar səbəb olub. Evdə Estoniyanı məğlub edə bilməyən (0:0) millimiz İsveç səfərində 6 cavabsız qolla uduzub. Bu xal itkisinə baxmayaraq, komandamız bir pillə irəliləyib.
Siyahıya son dünya çempionu Argentina (1867,25) başçılıq edir. Fransa millisi (1859,78) ikinci, İspaniya yığması (1853,27) üçüncüdür.
FİFA reytinqininin ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:
- Argentina – 1867,25
- Fransa – 1859,78
- İspaniya 1853,27
- İngiltərə – 1813,81
- Braziliya – 1775,85
- Portuqaliya – 1756,12
- Niderland – 1747,5
- Belçika – 1740,62
- İtaliya – 1731,51
- Almaniya – 1703,79