Azərbaycan millisi FİFA reytinqində 8 pillə gerilədi

Azərbaycan millisi FİFA reytinqində 8 pillə geriləyib. Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün yeni reytinq siyahısını açıqlayıb.

Canni De Byazinin çalışdırdığı Azərbaycan millisi hazırda 1127.05 xalla 129-cu sırada qərarlaşıb. Komandamızın 8 pillə geriləməsinə son yoxlama görüşlərindəki məğlubiyyətlər səbəb olub. Belə ki, millimiz bir neçə gün öncə Malta və Latviyaya qarşı keçirdiyi sınaq matçlarında eyni hesabla (0:1) məğlub olub. Azərbaycan yığması ötən reytinq cədvəlində 1139 xalla 121-ci olmuşdu.

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən Slovakiya 1454.98 xalla 45-ci pillədə qərarlaşıb. Belarus 1243.2 xalla 93-cü, 1134.77 xala malik Qazaxıstan isə 125-cidir.

Siyahıya 1832.69 xala malik Braziliya yığması başçılıq edir. Belçika millisi (1827) ikinci, Fransa yığması (1789.85) üçüncü pillədə qərarlaşıb. Türkiyə yığması isə 1461.81 xalla 43-cü sıraya qədər geriləyib.