Azərbaycan millisi FIFA reytinqində yenə irəlilədi

Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış növbəti FIFA reytinqində ötən ayla müqayisədə irəliləməyə nail olub.

Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Millimiz ötən ayla müqayisədə bir pillə irəliləyib. Azərbaycan yığması hazırda 113-cü mövqedə qərarlaşıb. Hazırda baş məşqçisi olmayan Azərbaycan millisi 1174.22 xala malikdir.

Komandamızın UEFA Millətlər Liqasındakı rəqiblərindən İsveç (1531,13) 26-cı, Slovakiya (1465,73) 48-ci, Estoniya (1148,76) 123-cüdür.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi ötən il noyabrın 22-də millimizin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığmamız onun rəhbərliyi altında AÇ-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub. Komandamızın yeni baş məşqçisinin qarşıdakı aylarda müəyyənləşməsi gözlənilir.

FİFA reytinqinə yenə Argentina yığması liderlik edir. Sonuncu dünya çempionunun hesabında 1855,2 xal var. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncü pillədə qərarlaşıb. Belçika (1798,46) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pilləyə düşüb.

Türkiyə millisi də yeni siyahıda 2 pillə irəliləyib və hazırda 1505,28 xalla 35-ci sırada qərarlaşıb.

FİFA reytinqininin ilk 30 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. Argentina – 1855,2
  2. Fransa – 1845,44
  3. İngiltərə – 1800,05
  4. Belçika – 1798,46
  5. Braziliya – 1784,09
  6. Niderland – 1745,48
  7. Portuqaliya – 1745,06
  8. İspaniya – 1732,64
  9. İtaliya – 1718,82
  10. Xorvatiya – 1717,57
  11. Uruqvay – 1665,99
  12. Mərakeş – 1663,39
  13. ABŞ – 1661,7
  14. Kolumbiya – 1655,29
  15. Meksika – 1652,7
  16. Almaniya – 1631,22
  17. Seneqal – 1620,74
  18. Yaponiya – 1614,33
  19. İsveçrə – 1613,44
  20. İran – 1608,23
  21. Danimarka – 1601,31
  22. Cənubi Koreya – 1566,21
  23. Avstraliya – 1554,82
  24. Ukrayna – 1553,35
  25. Avstriya – 1546,1
  26. İsveç – 1531,13
  27. Macarıstan – 1525,13
  28. Nigeriya – 1522,26
  29. Uels – 1521,88
  30. Polşa – 1520,24