Azərbaycan millisi Gürcüstan yığmasıyla yenə “sülh bağladı”

Qadın şahmatçılardan ibarət Gürcüstan yığmasıyla Azərbaycan millisi arasında Tiflisdə təşkil olunmuş yoldaşlıq görüşü davam edir.

Arena.az xəbər verir ki, bu gün komandalar arasında 4-cü qarşılaşma baş tutub.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığmamız bu turda heç-heçə oynayıb.

Hesabat turunda üç partiya bərabərliklə yekunlaşıb. Millimizin heyətində Günay Məmmədzadə məğlub olduğu halda Gövhər Beydullayeva qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5-2,5 hesabıyla başa çatıb.

5-ci turda millimizdə üç şahmatçı ağlarla, iki şahmatçı isə qara fiqurlarla oynayacaq.

Xatırladaq ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.

Əvvəlki qarşılaşmalardan birində Gürcüstan, birində Azərbaycan millisi qalib gəlmişdisə, bir raund da heç-heçə yekunlaşmışdı.