Azərbaycan millisi Mərdəkanda Macarıstanla üz-üzə

Düz bir ildir qələbəyə həsrət olan, son vaxtlar məğlubiyyətləri sıralayan futbol üzrə Azərbaycan millisi bu gün növbəti sınağına çıxır.

Arena.az xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi millimiz doğma meydanda Macarıstan yığması ilə üz-üzə gələcək.

Mərdəkanda yerləşən “Dalğa Arena”da baş tutacaq yoxlama oyununa saat 20:00-da start veriləcək.

Fernando Santosun gəlişindən sonra keçirdiyi 9 oyunun 7-də məğlub olmuş, cəmi 2 görüşdə heç-heçə etmiş millimiz portuqal mütəxəssislə ilk qələbəsini qazanmaq arzusundadır. Bir nömrəli komandamız sonuncu dəfə 2024-cü ilin iyun ayının 11-də Sombatxeydə yoxlama oyununda üz-üzə gəldiyi Qazaxıstanla oyunda qələbə sevinci yaşayıb – 3:2.

Macarıstan yığması Azərbaycan millisi üçün kifayət qədər tanış və düşərli olmayan bir rəqibdir. Komandamız indiyə qədər bu rəqiblə 7 dəfə qarşılaşıb. Təəssüf ki, millimiz bu görüşlərin hər birindən məğlubiyyətlə ayrılıb. Qarşılaşmalardan cəmi biri yoxlama oyunu olubsa, qalanları dünya və Avropa çempionatlarının seçmə mərhələsi çərçivəsində baş tutub:

10 noyabr 1996. Bakı. DÇ. Azərbaycan – Macarıstan 0:3
10 sentyabr 1997. Budapeşt. DÇ. Macarıstan – Azərbaycan 3:1
10 oktyabr 1998. Bakı. AÇ. Azərbaycan – Macarıstan 0:4
8 sentyabr 1999. Budapeşt. AÇ. Macarıstan – Azərbaycan 3:0
9 fevral 2011. YO. Dubay. Azərbaycan – Macarıstan 0:2
8 iyun 2019. AÇ. Bakı. Azərbaycan – Macarıstan 1:3
13 oktyabr 2019. AÇ. Budapeşt. Macarıstan – Azərbaycan 1:0

Bir sözlə, Azərbaycan millisi bu gün nəinki Fernando Santosun rəhbərliyi altındakı qələbəsiz sindroma, həm də macarlarla görüşdəki uğursuz gedişata son qoymağa çalışacaq.

Yoxlama oyunu
10 iyun

20:00. Azərbaycan – Macarıstan
Hakimlər: Viktor Şimusik, Sergey Kasavets, Anton Qusev (hamısı Belarus).
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan).
Mərdəkan. “Dalğa Arena”.