Boks üzrə Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb.
Arena.az xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyevin (63 kq) ardınca Alfonso Dominqes də bu Olimpiadada iştirak hüququ qazanıb.
Avropa Oyunlarının qalibi, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə Tokio-2020-yə vəsiqəni təmin edib. 81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı boksçu, 1/4 finalda İmam Xatayevə (Rusiya) qalib gəlib.
Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.
Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.