DÇ-2024-ün əsas mərhələsi çərçivəsində son oyununu səfərdə Polşa yığmasına qarşı keçirəcək Azərbaycan millisi dünəndən Koşalin şəhərindədir. Arena.az xəbər verir ki, Joze Alesio da Silvanın baş məşqçilik etdiyi komanda ötən gecə matçın keçiriləcəyi Koşalin İdman Zalında ilk məşqinə də çıxıb.
Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, futzalçılar baş məşqçinin taktiki planda tapşırıqlarını yerinə yetiriblər. Zədə səbəbində Felipinyo, Ramiz Çovdarov və Bolinya kollektiv çalışmaya qatılmayıb. Amma komandanın həkimi onların martın 7-də keçiriləcək oyuna qədər sıraya dönəcəyini bildirib.
Xatırladaq ki, Azərbaycan millisi martın 7-də Koşalin şəhərində baş tutacaq həlledici oyunda Polşa yığması ilə üz-üzə gələcək. Qarşılaşmaya saat 23:00-da start veriləcək. Bu komandalar arasında ötən il Bakıda keçirilmiş oyunda millimiz 4:3 hesablı qələbəyə sevinmişdi. Futzal yığmamız bir neçə gün öncə Yunanıstanı doğma meydanda 5:2 hesabıyla məğlub edərək elit-raunda vəsiqəni təmin etsə də, Polşaya son oyunda qalib gələrək növbəti mərhələyə maksimum nəticə ilə yollanmağı hədəfləyib.


