Azərbaycan millisi sərbəst güləşdə Avropanın ən güclüsü oldu

20 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, bu gün Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.

Sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyində uğurlu çıxış edib. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb.

Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub.

Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.

Milli komandamızın heyətində Xetaq Karsanov (97 kq) qızıl medal qazanıb. Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) gümüş medalla kifayətləniblər. Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

Xatırladaq ki, daha öncə Azərbaycanın Yunan-Roma güləşi üzrə yığma komandası U-20 Avropa çempionatında 3-cü yeri tutmuşdu.