Azərbaycan millisi seçmə mərhələdə 8-ci yeri tutdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Arena.az xəbər verir ki, 7-ci yer uğrunda oyunda İtaliya yığması ilə qarşılaşan komandamız 1:10 hesabı ilə məğlub olub. Millimizin yeganə qolunu Sabir Allahquliyev vurub.

5-ci yer uğrunda oyunda İsveçrə və Almaniya yığmaları qarşılaşıb. Bu görüşün əsas vaxtı 5:5 hesabıyla bitib. Penaltilər seriyasında daha dəqiq olan isveçrəlilər 3:0 hesabıyla qalib gələrık 5-ci olublar.

Seçmə mərhələ oyunlarına ev sahibliyi edən Portuqaliyanın yığması 3-cü yer uğrunda Belarusla üz-üzə gəlib. 6:5 hesabıyla qalib gələn portuqallar bürünc medallara sahib çıxıblar.

Finalda isə İspaniya və Ukrayna milli komandaları qarşılaşıb. 5:2 hesabıyla qalib gələn ispanlar çempion olublar.

Beləliklə, ilk dörd yeri tutan İspaniya, Ukrayna, Portuqaliya və Belarus yığmaları bu il keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar. DÇ-nin final mərhələsi 19-29 avqust aralığında Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: