Azərbaycan millisi Slovakiyadan qələbə ilə dönür!

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız səfərdə Slovakiya millisi ilə qarşılaşıb.

Slovakiya yığması turnir cədvəlinin zirvəsində qərarlaşan Qazaxıstana yaxınlaşmaq üçün bu oyunda ancaq qələbəyə köklənmişdilər. Hesabında 4 xal olan Azərbaycan millisinin isə bu görüşdə qələbə qazanmaq şansı çox da yüksək qiymətləndirilmirdi. De Byazinin yetirmələrinin ən azı bir xal üçün mübarizə aparacağı ehtimal olunurdu. Lakin qarşılaşmada hesabı Azərbaycan yığması açıb. Renat Dadaşov ilk yarının sonlarında yığmamızda debüt matçını keçirən Ozan Can Kökçünün ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Meydan sahibləri əlavə vaxtda penalti sayəsində hesabı bərabərləşdiriblər. Amma ruhdan düşməyən komandamız son saniyələrdə daha bir qol vuraraq, səfərdən qələbə ilə qayıtmağı bacarıb.

3-cü qrupun digər oyununda lider Qazaxıstan bu gün Belarusu qəbul edib. Üç qolun qeydə alındığı bu matçda qazaxlar qalib gəliblər. Bununla da sözügedən komanda qrup liderliyini və B Liqasına vəsiqəni təmin edib. Azərbaycan millisi isə xallarının sayını 7-yə çatdırıb və Slovakiyanı qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Millimiz 3 gün sonra Bakıda qrup lideri Qazaxıstanı qəbul edəcək.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
22 sentyabr

Slovakiya – Azərbaycan 1:2
Qol: E.Yirka, 90+3-pen – R.Dadaşov, 44. H.Haqverdi, 90+5.
Hakimlər: Uilyam Kollam, Devid Makgiçi, Frensis Konnor, Doland Robertson (hamısı Şotlandiya).
Trnava. Anton Malatinski stadionu.

Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 8. Laslo Beneş, 9. Robert Bojenik, 14. Milan Şkrinyar (k), 16. David Hantsko, 17. Martin Reqali, 18. Erik Yirka, 21. Matuş Bero, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Frantişek Plax, 23. Dominik Takaç, 2. Peter Pekarik, 3. Vernon De Marko, 4. Martin Valyent, 6. Miroslav Kaçer, 10. Adam Zrelak, 11. Samuel Mraz, 13. Patrik Hroşovski, 15 Morbert Qyomber, 19. David Duriş, 20. Kristian Herts.
Baş məşqçi: Françesko Kaltsona.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Musa Qurbanlı, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.

Xal: Qazaxıstan – 13. Azərbaycan – 7. Slovakiya – 6. Belarus – 2.