Azərbaycan millisi Tallində tanış rəqiblə üz-üzə

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə növbəti sınağına çıxacaq.

Arena.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız üçüncü oyununda Estoniya milli komandası ilə qarşılaşacaq.

Tallin şəhərindəki “Lilleküla” stadionunda təşkil olunacaq görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvey idarə edəcək.

Xatırladaq ki, yığmamız UEFA Millətlər Liqasının yeni mövsümündəki ilk sınağında İsveç millisinə Bakıda 1:3 hesabıyla uduzmuşdu. Slovakiya yığması ilə səfər oyununda isə millimiz 0:2 hesablı məğlubiyyətə üzülmüşdü.

Tanış rəqiblə 11-ci oyun

Azərbaycan və Estoniya milliləri UEFA Millətlər Liqasında ilk dəfə üz-üzə gələcəklər. Amma bu komanda yığmamız üçün kifayət qədər tanış rəqibdir. Çünki Azərbaycan yığması bu komanda ilə indiyə qədər 10 oyunda üz-üzə gəlib. Komandamız bu görüşlərdə cəmi 2 qələbə qazanıb. Matçların əksəri sülhlə başa çatıb. Qarşılaşmaların düz yarısı – 5-i heç-heçə bitib. Qalan 3 oyunda isə estonlar qələbə qazanıblar. Top fərqində də estoniyalılar öndədirlər – 9:8.

Tərəflər arasında ilk matç 1996-cı ilə təsadüf edib. Kiprin Larnaka şəhərində gerçəkləşən yoxlama görüşü qolsuz yekunlaşıb. Bir il sonra estonlar iki yoxlama matçında qalib gəliblər – 2:0, 1:0. Yığmalar 1998-ci ildə də iki dəfə görüşüblər. Estoniyanın Vilyandı şəhərində təşkil olunan beynəlxalq turnirə təsadüf edən qarşılaşmada hesab açılmayıb. Gəncədə reallaşan yoxlama matçında isə millimiz rəqibini 2:1 hesabı ilə üstələyib. 1999-cu ildəki yoxlama görüşündə qollu bərabərlik qeydə alınıb – 2:2. Komandalar üç il sonra Estoniyanın Kuressaare şəhərindəki yoxlama oyununda qolsuz heç-heçəyə razılaşıblar. 2013-cü ildə Tallində baş tutan daha bir yoxlama matçında meydan sahibləri qələbə qazanıblar – 2:1.

Bu komandaların yeganə rəsmi qarşılaşması 2023-cü ildə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutub. Bakıda heç-heçə (1:1) edən millimiz Tallində iki cavabsız qolla qalib gəlib.

Sonda onu da qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsi noyabrın 19-na kimi davam edəcək. 2025 və hətta 2026-cı illərdə isə pley-off oyunları keçiriləcək. Azərbaycan millisi vaxtilə UEFA Millətlər Liqasında mübarizəyə D Liqasında başlasa da, sonra genişlənən C Liqasına keçib və ardıcıl üçüncü dəfə burada qüvvəsini sınayır. Əvvəlki yarışlarda komandamız nə qrup qalib ola bilib, nə də ki, sonuncu yeri tutub: iki dəfə qrupunda 2-ci olub, bir dəfə də 3-cü yerlə kifayətlənib.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
11 oktyabr

Estoniya – Azərbaycan
Hakimlər: Rob Harvey, Robert Klark, Ueyn Makdonnell, Rob Hennessi (hamısı İrlandiya).
Tallin. “Lilleküla” stadionu. Saat 20:00.