Azərbaycan millisi Tanzaniya və Monqolustanla qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu il Bolqarıstan, Tanzaniya və Monqolustan yığmaları ilə eyni turnirdə mübarizə aparacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat verilib.

Xəbərdə bildirilir ki, FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcək. Ali futbol qurumunun yeni layihəsinə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan yığmaların iştirakı ilə mini turnir təşkil olunacaq. Dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin martda Bakıda keçirilməsi nəzərdə tutulub.

Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq yarış barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək.

AFFA FIFA-nın yeni layihəsini dəstəklədiyini açıqlayıb. Qurum təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edib.

Xatırladaq ki, hazırda Azərbaycan millisi baş məşqçisizdir. Ötən ilin sonunda italiyalı mütəxəssis Canni De Byazi ilə yollarını ayırmış AFFA hazırda milliyə yeni baş məşqçi axtarışındadır.