Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə növbəti sınağına çıxacaq.
Arena.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız ikinci oyununda Slovakiya milli komandası ilə qarşılaşacaq.
Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.
Xatırladaq ki, yığmamız UEFA Millətlər Liqasının yeni mövsümündəki ilk sınağında İsveç millisinə Bakıda 1:3 hesabıyla uduzmuşdu. Rəqibimiz Slovakiya yığması isə ilk turda səfərdə Estoniyanı 1:0 hesabıyla üstələyib.
Tanış rəqiblə 11-ci oyun
Azərbaycan və Slovakiya milliləri UEFA Millətlər Liqasında ikinci dəfə üz-üzə gələcəklər. 2022-ci ildə bu komandalar sözügedən turnir çərçivəsində ilk oyunu Bakıda, cavab görüşünü isə Trnava şəhərində keçirmişdilər. Bakıda Slovakiya 1:0 hesablı qələbəyə sevinmişdisə, Trnavada yığmamız 2:1 hesabıyla üstün olmuşdu.
Millimizin Slovakiya ilə yolu Avropa və dünya çempionatlarının seçmə mərhələlərində də dəfələrlə kəsişib. Belə ki, bu komandalar bir dəfə DÇ-nin, üç dəfə isə AÇ-nin seçmə mərhələsində rəqib olublar. Komandaların ilk görüşü 1995-ci ilə təsadüf edib. AÇ-nin seçmə mərhələsi çərçivəsində yığmamızı Koşitsedə qəbul edən Slovakiya 4:1 hesablı qələbəyə sevinmişdi. Türkiyənin Trabzon şəhərində keçirilən millimizin ev oyununda da Slovakiya 1:0 hesablı qələbə qazanmışdı.
1998-ci ildə komandalar yenə AÇ-nin seçmə mərhələsində qarşılaşıblar. Slovaklar yenə Koşitsedə 3:0, bir il sonra Bakıda baş tutan ikinci oyunda isə 1:0 hesabıyla üstün olublar.
2001-ci ildə isə komandalar DÇ-nin seçmə mərhələsində rəqib olublar. Slovakiya yığması Trnavada 3:1 hesabıyla yendiyi millimizə Bakıdakı cavab görüşündə 0:2 hesabıyla uduzub.
2019-cu ildə isə Slovakiya ilə yenə AÇ-nin seçmə mərhələsində qarşılaşmışıq. Hər iki oyun məğlubiyyətlə yekunlaşıb: Bakıda 1:5, Trnavada 0:2 hesabıyla uduzmuşuq.
Bir sözlə, tərəflər arasında indiyə qədər keçirilmiş 10 oyunda Slovakiyanın 8, Azərbaycan millisinin isə 2 qələbəsi var. Heç-heçə tanımayan rəqiblərin budəfəki görüşündə kimin sevinəcəyi maraq doğurur.
Sonda onu da qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsi noyabrın 19-na kimi davam edəcək. 2025 və hətta 2026-cı illərdə isə pley-off oyunları keçiriləcək. Azərbaycan millisi vaxtilə UEFA Millətlər Liqasında mübarizəyə D Liqasında başlasa da, sonra genişlənən C Liqasına keçib və ardıcıl üçüncü dəfə burada qüvvəsini sınayacaq. Əvvəlki yarışlarda komandamız nə qrup qalib ola bilib, nə də ki, sonuncu yeri tutub: iki dəfə qrupunda 2-ci olub, bir dəfə də 3-cü yerlə kifayətlənib.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
8sentyabr
Slovakiya – Azərbaycan
Baş hakim: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseç, Marçin Koçanek.
VAR hakimləri: Pyotr Lasik, Pawel Maleç (Hakimlər briqadası Polşadandır)
Koşitse Futbol Arenası. Saat 20:00.