Azərbaycan millisi UEFA Millətlər Liqasında yeni mövsümə başlayır

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə ilk sınağına çıxacaq.

Arena.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız da ilk sınağına elə yarışın ilk günündə çıxacaq.

Milli komandamız startda İsveç yığması ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq bu görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Balaş Berke olacaq.

Azərbaycan və İsveç milliləri UEFA Millətlər Liqasında ilk dəfə üz-üzə gələcəklər. Əvəzində bu komandalar bir dəfə DÇ-nin, bir dəfə fə AÇ-nin seçmə mərhələsində rəqib olublar. 2000-ci ildə Bakıda baş tutan DÇ-nin seçmə mərhələ oyunu yığmamızın məğlubiyyəti (0:1) ilə bitib. Bundan bir il sonra Stokholmda keçirilən iki oyunda da meydan sahibləri darmadağına seviniblər – 3:0.

AÇ-2024-ün ötən il baş tutan seçmə mərhələ oyunlarında isə hər iki oyun darmadağınla yekunlaşıb. Martda Solna şəhərində keçirilmiş görüşdə İsveç 5:0 hesabıyla qalib gəlmişdisə, noyabrda Bakıda baş tutmuş qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsiylə yekunlaşmışdı.

Cəmi bir il sonra Azərbaycan yığmasının həmin darmadağının təsadüfi olmadığını isbatlaması üçün yaxşı imkanı var. Özü də millimiz bu seçmə mərhələyə yeni baş məşqçi – məşhur portuqaliyalı mütəxəssis Fernando Santosun rəhbərliyi altında başlayır və bu oyun onun üçün debüt xarakteri daşıyır. Bir sözlə, həm yeni baş məşqçi, həm də yeni tsikl üçün uğurlu başlanğıca ehtiyac var.

UEFA Millətlər Liqasının qrup mərhələsi noyabrın 19-na kimi davam edəcək. 2025 və hətta 2026-cı illərdə isə pley-off oyunları keçiriləcək. Azərbaycan millisi vaxtilə UEFA Millətlər Liqasında mübarizəyə D Liqasında başlasa da, sonra genişlənən C Liqasına keçib və ardıcıl üçüncü dəfə burada qüvvəsini sınayacaq. Əvvəlki yarışlarda komandamız nə qrup qalib ola bilib, nə də ki, sonuncu yeri tutub: iki dəfə qrupunda 2-ci olub, bir dəfə də 3-cü yerlə kifayətlənib.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
5 sentyabr

Azərbaycan – İsveç
Baş hakim: Balaş Berke
Baş hakimin köməkçiləri: Vencel Tot, Balaş Sert
Dördüncü hakim: Çaba Pinter (Hakimlər briqadası Macarıstandandır).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: