Azərbaycan millisi Vizelada sürprizə imza ata biləcək?

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsində bu gün Portuqaliya yığması ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı cavab oyunu Portuqaliyanın Vizela şəhərində baş tutacaq.

Belə ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi Vizeladakı eyniadlı stadionunda növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.

Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Şona Şukrula olacaq. Ona yan xətt hakimləri Martina Boer və Eşli de Haan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Culiya Van Es yerinə yetirəcək.

Xatırladaq ki, bu komandalar arasında oktyabrın 25-də Bakıda keçirilmiş ilk oyunda portuqallar 4:1 hesablı qələbəyə sevinmişdilər. Bu üzdən yığmamızın səfər oyunundakı şansları da yüksək qiymətləndirilmir.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus – Çexiya oyununda üstün olan tərəf ilə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan – Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.

Avropa çempionatının seçmə mərhələsi
Pley-off mərhələsinin cavab oyunu
29 oktyabr

Portuqaliya – Azərbaycan
Baş hakim: Şona Şukrula
Baş hakimin köməkçiləri: Martina Boer, Eşli de Haan
Dördüncü hakim: Culiya Van Es
VAR hakimləri: Yoxem Kamphuis, Edvin Van De Qraaf (Hakimlər briqadası Niderlanddandır)
Hakim-inspektor: Marta Frias Asedo (İspaniya).
UEFA nümayəndəsi: Sabine Bonnin (Fransa).
“Vizela” stadionu. Saat 23:45.
İlk oyun – 4:1.

Xəbəri sosial şəbəkələrdə paylaş: