Azərbaycan millisi yenə Avropanın ən güclüsü oldu!

Güləş üzrə Azərbaycan millisi Rumıniyada keçirilmiş 23 yaşadək güləşçilər arasında Avropa çempionatında (U-23) tarixi uğura imza atıb. Arena.az xəbər verir ki, 2023-cü ilin ilk mötəbər yarışı güləşçilərimiz üçün uğurlu alınıb.

Ötən həftə Rumıniyanın paytaxtı Buxarest şəhərində baş tutan 23 yaşadək güləşçilərin Avropa çempionatına Azərbaycan idmançıları öz damğalarını vurdular.

Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində 4 medal qazandı. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Xasay Həsənli (77 kq) isə ikinci yeri tutdu. Yığmamız medalların əyarına görə Avropanın ən güclü komandası oldu.

Daha sonra estafeti qəbul edən qadın güləşçilərimizdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal əldə etdi.

Çempionatın son günlərində isə sərbəst güləşçilər mübarizəyə qoşuldular. Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu oldular. Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazandı. Toplamda 140 xal toplayan yığmamız həm medalların əyarına, həm də xallara görə komanda hesabında 1-ci yeri tutdu. Beləliklə, bu millimiz ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi oldu.

Nəhayət, ümumi sıralamaya nəzər salaq. Azərbaycan millisi 6 qızıl, 3 gümüş və 3 bürünc medalla Avropada 1-ci yeri tutdu. Ukrayna (5-5-5) ikinci, Fransa (3-2-2) isə üçüncü pillədə qərarlaşdı.

Xatırladaq ki, ötən il də Azərbaycan ümumi sıralamda U-23 Avropa çempionatının qalibi olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: