Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada təşkil olunmuş “Zaqreb Open” reytinq turnirinin qalibi olub.
Arena.az xəbər verir ki, Aleksandr Tarakanovun rəhbərlik etdiyi kollektiv qazandığı 2 qızıl, 1 bürünc medalla buna nail olub.
Komandamızın heyətində Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Həsrət Cəfərov (67 kq) üçüncü yeri tutub. Murad Məmmədov (63 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) isə 5-ci yeri tutmaqla yığmamızın hesabına xal yazdırıblar.
Nəticədə Azərbaycan millisi 95 xalla komanda hesabında “Zaqreb Open”in ən yaxşısı olub. Macarıstan yığması 90 xalla ikinci, Türkiyə millisi isə 81 xalla üçüncü yeri tutublar.
Sərbəst güləş üzrə Azərbaycan yığması Zaqrebdə 54 xalla komanda hesabında 4-cü olub. Qadınlardan ibarət milli isə 31 xalla 12-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi Xorvatiyaya bütövlükdə 26 güləşçi ilə yollanmışdı. Komandamızın heyətində Sənan Süleymanov (77 kq) və Ülvü Qənizadə (72 kq) bu turnirdə qızıl medal əldə ediblər. Həsrət Cəfərov (67 kq), Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin qadın güləşçimiz Alyona Kolesnik (59 kq) isə bürünc mükafata yiyələniblər.