Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı

Avqustun 16-dan 22-dək Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı keçiriləcək. Arena.az xəbər verir ki, iki illik fasilədən sonra təşkil olunacaq mundialın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Məsul yarışda ölkəmizi təmsil edəcək gənclərdən ibarət sərbəst güləş millimiz bu gün Rusiyaya yollanıb. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Əbülfəz Nəsirov (61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Saqadulla Ağayev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Aydın Əhmədov (125 kq) DÇ-də uğur qazanmağa çalışacaq.

Yarışın proqramına əsasən, avqustun 15-də püşkatma mərasimi keçiriləcək və sərbəst güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək. Ertəsi gün Bakı vaxtı ilə saat 10:00-da 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start veriləcək. Həmin gün axşam seansında (17:00-18:30) yarımfinal görüşləri keçiriləcək. 61, 74, 86, 92 və 125 kq-da çıxış edən güləşçilər isə avqustun 17-də mübarizəyə qoşulacaq.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.