Futbol üzrə Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığmasına qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi 25 futbolçuya dəvət göndərib.
Onların arasında 3 qapıçı, 10 müdafiəçi, 6 yarımmüdafiəçi və 6 hücumçu yer alıb.
“Qəbələ”nin gənc futbolçusu Emil Səfərov ilk dəfə yığma komandaya dəvət alıb. Eyni zamanda hazırda klubsuz olan üç futbolçu – Ramil Şeydayev, Coşqun Diniyev və Filip Ozobiç də yığmanın düşərgəsinə çağırılıb.
AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, yığmamız iyunun 6-dan gündəlik məşqlər keçirməyə başlayacaq. Milli komanda iyunun 13-dən etibarən isə təlim-məşq toplanışına start verəcək.
Xatırladaq ki, Azərbaycan millisi Estoniya yığması ilə iyunun 17-də “Dalğa Arena”da qarşılaşacaq. Oyuna saat 20:00-da start veriləcək.
Sonda Azərbaycan millisinin Estoniya ilə oyun üçün heyətini diqqətinizə çatdırırıq:
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (Qarabağ), Emil Balayev (Səbail), Yusif İmanov (Sabah);
Müdafiəçilər: Bədavi Hüseynov, Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə (hamısı “Qarabağ”), Azər Salahlı, Höccət Haqqverdi (hər ikisi “Neftçi”), Cəlal Hüseynov (Şamaxı), Amin Seydiyev (Sabah), Qismət Alıyev (Zirə), Anton Krivotsyuk (“Daejon”, Cənubi Koreya);
Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Emil Səfərov (Qəbələ), Emin Mahmudov (Neftçi), Çoşqun Diniyev (klubsuz), Filip Ozobiç (klubsuz);
Hücumçular: Namiq Ələsgərov (Sabah), Musa Qurbanlı (Qarabağ), Rüstəm Əhmədzadə (Zirə), Mahir Emreli (“Konyaspor”, Türkiyə), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə), Ramil Şeydayev (klubsuz).