DÇ-2024-ün əsas mərhələsində futzal üzrə Azərbaycan millisinin sonuncu rəqibi olacaq Polşa yığması ötən gün yoldaşlıq oyunu keçirib. Arena.az xəbər verir ki, Kolobjeqdə Ukrayna millisi ilə qarşılaşan rəqibimiz doğma meydanda 1:4 hesabı ilə məğlub olub.
Polşanın heyətində yeganə qolu 40-cı dəqiqədə Mateuş Madjyaq vurub.
Xatırladaq ki, rəqibindən fərqli olaraq, Azərbaycan millisi ötən gün DÇ-2024-ün əsas mərhələsində Yunanıstan yığması ilə qarşılaşıb. Bakıda baş tutan oyunda 5:2 hesablı qələbəyə sevinən millimiz elit-raunda vəsiqəni təmin edib.
Hazırda 6-cı qrupda birinci pillədə qərarlaşmış Azərbaycan millisinin 9 xalı var. Polşa yığması isə 6 xalla ikincidir.
Polşa – Azərbaycan oyunu martın 7-də Koşalin şəhərindəki idman zalında baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


