Azərbaycan millisinin sabiq futbolçularına təşəkkür plaketi

AÇ-2024-ün seçmə mərhələsinin bu gün baş tutan İsveçlə oyunundan öncə Azərbaycan millisinin sabiq üzvlərinə təşəkkür plaketi təqdim olunub.

Arena.az xəbər verir ki, söhbət peşəkar karyeralarını 2023-cü ildə sonlandıran Əfran İsmayılov, Rauf Əliyev, Ruslan Abışov, Elvin Məmmədovdan, eləcə də hazırda oynamağa davam edən Rahid Əmirquliyevlə Riçard Almeydadan gedir.

Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər. Adları çəkilən futbolçulardan yalnız Ruslan Abışov hazırda ölkə xaricində olduğu üçün mərasimə qatılmayıb. Yığmamızın sabiq üzvlərinə simvolik olaraq qızılı rəngdə çərçivəyə salınmış Azərbaycan milli komandasının formaları və xüsusi hədiyyə təqdim edilib.

Qeyd edək ki, Riçard Almeyda millimizdəki çıxışını başa vursa da, “Qarabağ”da oynamağa davam edir. Rahid Əmirquliyev isə hazırda İkinci Liqada mübarizə aparan “Şahdağ Qusar”ın formasını geyinir.

Azərbaycan millisinin İsveçlə ev oyununa Bakı vaxtı ilə saat 21:00-da start verilib.