Azərbaycan Premyer Liqasında mövsümün üçüncü məhsuldarlığı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 25-ci turu çərçivəsində baş tutmuş oyunlarda 18 qol vurulub.

Arena.az xəbər verir ki, bu, mövsümün üçüncü məhsuldarlığıdır.

Yalnız 10-cu və 16-cı turlarda daha çox – 19 qol qeydə alınıb.

Rekordun təkrarlanması üçün bir top çatmayıb. Orta məhsuldarlıq 3,60-a bərabər olub.

“Neftçi” – “Qarabağ” (1:4) və “Qəbələ” – “Səbail” (2:3) oyunlarının hərəsində 5 qol vurulub. “Sumqayıt” – “Kəpəz” (1:3) qarşılaşmasında bu rəqəm 4-ə bərabər olub. “Sabah” – “Araz-Naxçıvan” (2:0) və “Zirə” – “Turan Tovuz” (1:1) duellərinin hərəsində iki qol qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 25 turdan sonra 60 xal toplamış “Qarabağ” vahid liderdir. Bu komandanın ən yaxın izləyicisi “Səbail” 37 xalla 2-cidir. “Neftçi”, “Sumqayıt” və “Zirə” 36 xal toplayıb. “Sabah”ın 34, “Turan Tovuz”un 32, “Araz-Naxçıvan”ın 31, “Kəpəz”in 26, “Qəbələ”nin 15 xalı var.