Futbol üzrə Azərbaycan Premyer Liqasında başa çatan 2022/2023 mövsümü ərzində qapılara bütövlükdə 475 qol vurulub.
Arena.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir.
Bu, son 19 mövsüm üçün rekord göstəricidir. 2004/05 mövsümündən indiyədək olan müddətdə belə məhsuldarlıq qeydə alınmayıb.
Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/04 mövsümündə gerçəkləşib. Baş tutan 167 oyununda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,90 olub.
Xatırladaq ki, 2021/22 mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər olub.
Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümündə ən çox çempion “Qarabağ” qol vurub. Ağdam təmsilçisi rəqib qapılarından 91 top keçirdiyi halda, özü cəmi 25 qola üzülüb.
İkinci yerdə “Sabah” qərarlaşıb – 75 qol. Çempionatın da gümüş medallarını qazanan paytaxt təmsilçisi hətta lider “Qarabağ”dan az qol buraxması ilə diqqət çəkir – 24 qol.
“Neftçi” isə həm vurulan, həm də buraxılan qollar baxımından üçüncü göstəriciyə malikdir. “Ağ-qaralar” bu mövsüm 63 qol vurub, 38 top buraxıb.